Xarakter nədən yaranır?
Uşaqıqdan formalaşan vərdişlər, əməyə münasibət və illər ərzində dəyişməyən prinsiplər.
İşə münasibət, vaxt bölgüsü, verilən söz və çətin vəziyyətlərdə davranış.
İşə münasibət, vaxt bölgüsü, verilən söz və çətin vəziyyətlərdə davranış.
Bəzən insanın həyat yoluna baxanda sual yaranır: bu yolu daha çox iradə müəyyən edir, yoxsa xarakter?
- Məncə, iradə zamanla güclənə bilər. Xarakter isə insanın əsasını təşkil edir. Əgər daxili dayaq yoxdursa, əldə olunan uğur uzunmüddətli olmur.
Erkən yaşlarda anladığım bir həqiqət var idi: insan ilk növbədə özü üçün etibarlı olmalıdır. Özünə verdiyi sözə sadiq olmayan biri başqasına da etibar aşılayamaz.
Peşəkar yolunuz sahibkarlıqdan əvvəl başlayıb. Maaşlı iş illəri sizə nə qazandırdı?
- Həmin illər mənə əməyin real dəyərini öyrətdi. Hər şeyin zəhmətlə formalaşdığını dərk etmək insanı qərarlarında daha ehtiyatlı və məsuliyyətli edir.
Bu yol sürətlə deyil, mərhələli şəkildə inkişaf etdi. Sadə başlangıc, səbir və ardıcıl qərarlar zamanla dəyişməyən prinsiplərə çevrildi. Mən sürəti heç vaxt inkişafın əsas göstəricisi hesab etməmişəm. Mənim üçün möhkəm təməl üzərində qalmaq böyüməkdən daha önəmli olub.
Geriyə baxanda bu 30 il sizə daha çox nəyi xatırladır – nailiyyətləri, yoxsa məsuliyyəti?
- Ən çox məsuliyyəti. Bu illərin arxasında layihələrdən əvvəl insanlar dayanır: ilk ustalar, ilk komanda, birlikdə keçilən çətin mərhələlər. Zamanla aydın olur ki, dəyər tikilən binalarla ölçülmür. Əsl dəyər verilən sözə göstərilən sədaqətlə formalaşır.
İnsanların ehtiyaclarını anlamaq, bazardan əvvəl həyatı oxumaq bu yolun əsasını təşkil edib. Satmaq istəyi tez yaranır. Anlamaq isə zaman və diqqət tələb edir. Mən həmişə ikinci yanaşmanı seçmişəm.
Özünüzə ilk gündən verdiyiniz əsas sual olubmu?
- Bəli. "Mənim iştirakım olmadan bu işlər öz yolunda davam edəcəkmi?" Əgər cavab mənfi idisə, deməli, hələ sistem qurulmamışdı. Mənim üçün sahibkarlığın ən mühüm mərhələlərindən biri insanın özündən asılı olmayan sistem yaratmağı öyrənməsidir.
İradədən Məsuliyyətə
Uğurlu işin iki əsas dayağı nədir?
- Düzgün planlama və operativlik. Planlama gələcəyi öncədən görmək cəhdidir — riskləri ölçmək, mərhələləri müəyyənləşdirmək və ehtiyatlı davranmaqdır.
Operativlik isə dəyişən reallığı vaxtında oxumaq bacarığıdır. Operativlik tələskənlik deyil. O, hazırlığın praktik ifadəsidir. Plansız operativlik xaosa aparır. Operativliksiz planlama ise nəzəriyyədə qalır.
Minera-nın bu gün gəldiyi nöqtə sizin üçün nə ifade edir?
- Bu, sadəcə nəticə deyil. Bu, doğru sualların zamanla verdiyi cavabdır. Minera mənim üçün biznes modeli yox, uzunmüddətli yol anlayışıdır.
“Böyük biznesdə əsas sənət çox qərar vermək yox, az səhv etməkdir.”
Liderlik və Qərar Sənəti
Sizin üçün liderlik nədir?
- Liderlik hamıdan öndə getmək deyil. Doğru istiqaməti görmək və qərarın məsuliyyətini üzərinə götürməkdir. Mən rəhbərin hər şeyi bilməli olduğuna inanmıram. Amma düzgün insanı seçməyi, onun fikrini eşitməyi və son qərarın məsuliyyətini daşımağı bacarmalıdır.
Piter Druker demişkən: "Effektivlik işləri düzgün görməkdir, səmərəlilik isə düzgün işləri görməkdir."
Böyük qərarlarda nəyə güvənirsiniz?
- Rəqəmlərə, təcrübəyə və insan faktoruna. Rəqəm vəziyyəti göstərir. Təcrübə onun səbəbini anlamağa kömək edir. İnsan faktoru isə qərarın nəticəsini müəyyən edir.
Düşüncə Diapazonu və Sahibkarın Kapitalı
Çox səyahət edib, çox oxuyan bir iş adamı olaraq bu, idarəetmə qərarlarınıza necə təsir edir?
- Səyahət bizə dünyanı görməyi deyil, öz evimizə başqa gözlə baxmağı öyrədir. Avropa şəhərlərinin memarlığına, Asiya limanlarının logistikasına baxıb Bakıya qayıdanda başa düşürəm: hələ çox böyüməliyik. Kitablar isə mənim düşüncə diapazonumu genişləndirir.
Komanda və Tərəfdaşlar – Ortaq Yolun Gücü
Uzun illər sizinlə çalışan peşəkarların olması nə ilə bağlıdır?
- İnsanları saxlamaq maaşla deyil, güvənlə olur. Peşəkar insanın təkcə pul mükafatına yox, həm də əməyinin görülməsinə, fikrinin dəyərləndirilməsinə ehtiyacı var.
Mən komandaya hər zaman "resurs" kimi deyil, şirkətin özü kimi baxmışam. Rəhbər əvəzedilməzdirsə, o, pis rəhbərdir. Mənim məqsədim mənim olmadığım halda da sistemin işləməsidir.
“Bu yolun təməlində qardaşlıq, hər addımında güvən, istiqamətində isə ortaq məqsəd vardı.”
— RAMİN RZAYEV